Çingiz İsmayılovun "Sport Ekspress" qəzetinə müsahibəsi. 22 yanvar 1998

 


Birlik Kubokunda iştirak üçün ərizə göndərən Bakının “Neftçi” komandası yarışdan imtina edib, əvəzində “Kəpəz” Moskvaya gəlir. SE-nin müxbiri Azərbaycan Futbol Assosiasiyasının baş katibi Çingiz İsmayılovla bu ölkə futbolunun vəziyyəti ilə bağlı danışıb.

- Məlumdur ki, Azərbaycanda yayda episentrində “Neftçi” futbol klubu olan qalmaqal yaranıb. Ölkədə birdən-birə iki çempion peyda oldu və məsələ mübahisəli situasiyalarda öz hökmünü verməyə məcbur olan UEFA-ya kimi getdi. Nə olmuşdu?

- Müstəqillik illərində biz bir ciddi problemlə - Azərbaycanda uşaq-gənclər futbolunun tədricən ölməsi ilə üzləşmişik. Klublar yalnız özlərinin əsas komandasının qayğısına qalır, ehtiyatın hazırlanmasına fikir vermirdilər. Buna dözmək fikrimiz yox idi və ona görə də 1996-cı ilin yayında, ötən mövsüm ərəfəsində Azərbaycan çempionatının klubların əmsallarına görə keçirilməsi qərara alındı. Bu necə olur? Hər klub çempionata əsas komanda, 80-81-ci il təvəllüdlü gənclər və 82-83-cü il təvəllüdlü yeniyetmə komandaları ilə qatılır. Bu üç komandanın topladığı xallar müəyyən əmsallarla yekunlaşdırıldı. Səhvimiz odur ki, neqativ reaksiyanın ola biləcəyini başa düşsək də, UEFA-ya yeniliklərlə bağlı əvvəlcədən məlumat verməmişik. Böyük komandaların turnirində birinci yeri Bakı “Neftçi”si, ümumi hesabda isə 1997-ci ildə ölkə çempionu elan edilmiş “Qarabağ” klubu tutdu. Lakin “Neftçi”nin prezidenti baş sponsorun təhriki ilə bu qərara etiraz etməyə başladı. Eyni zamanda, “Neftçi” çempionluq yox, Çempionlar Kubokuna vəsiqə uğrunda mübarizə aparırdı. UEFA-nın qərarı "Neftçi"nin xeyrinə oldu. Nəticədə “Qarabağ” “Azərbaycan klub çempionatının qalibinə” yazılan qızıl medallar qazandı, “Neftçi” isə Çempionlar Liqasının ilkin mərhələsində çıxış etdi və Moskvadakı turnirə yollanmalı idi.

- “Birlik Kuboku”nda Azərbaycanı niyə “Kəpəz” təmsil edəcək?

- Hələ yayda “Neftçi”nin problemləri var idi. Bir anda, Moskvada iki ordu klubunun meydana çıxdığı vəziyyətə bənzər bir vəziyyət yaranmışdı. “Neftçi”də də belə idi – iki prezident, iki baş məşqçi. Amma mövsümün əvvəlinə kimi hər şey yoluna düşmüşdü və komanda çempionata uğurlu başlamışdı. Lakin haradasa birinci dövriyyənin ortalarında bakılıların yenidən qızdırmaları hiss olunmağa başladı və maliyyə problemləri yarandı. Birinci dövrə başa çatdıqdan sonra “Neftçi”dən bütöv bir qrup oyunçu ayrıldı. Bəzi oyunçular isə Rusiya klublarında iş tapmağa çalışır. Artıq Birlik Kubokunda iştirak üçün ərizə göndərilmişdi. Lakin ərizədəki oyunçuların gücünü real qiymətləndirən “Neftçi” rəhbərliyi heyətin turnirə cəlb edilməsində qarşılaşılan çətinlikləri əsas gətirərək, komandanın Moskvaya göndərilməməsini xahiş etdi. Birlik Kubokunun keçirilməsi ilə bağlı əsasnamə isə, turnirdə təkcə ölkə çempionunun deyil, həm də cari çempionatın payız mərhələsinin qalibinin də iştirakını nəzərdə tutur. Ona görə də biz “Kəpəz”ə təklif etdik.

-Bu klubun rəhbərliyindən etirazlar olmadı?

- Əksinə, Gəncədə təklifə məmnuniyyətlə cavab verdilər. Fevralın 7-də Azərbaycan çempionatının ikinci turuna start verilsə də, Türkiyədəki hazırlıq toplanışı ləğv etdilər.

- “Kəpəz” haqqında nə deyə bilərsiniz?

- Gəncə həm əhalinin sayına, həm də sənaye potensialına görə Azərbaycanın Bakıdan sonra ikinci şəhəridir. Burada da futbol ənənələri güclüdür, hətta SSRİ çempionatının yüksək liqasında çıxış edən Kirovabad “Dinamo”su da var. Gəncə futbol məktəbi bütün dövrlərdə respublikanın əsas komandasına futbolçular verib. Gəncədə yetişdirilən çoxlu futbolçuları sadalaya bilərsiniz, ancaq bir nəfərin - Sergey Kramarenkonun adını çəkəcəm. “Neftçi”nin hazırkı liderləri Yunis Hüseynov və Vidadi Rzayev də gəncəlilərdir. Komandanın çox yaxşı sponsoru var və heç bir maliyyə problemi yoxdur. Bu gün bu çox nadir haldır. Komandanı tanınmış sabiq futbolçular Mehman Allahverdiyev və Ruslan Abdullayev çalışdırır. “Neftçi”nin sürətli və texnikalı hücumçusu Allahverdiyev bir vaxtlar bir çox stadionlarda, o cümlədən Moskvadakı ordu arenasında alqışlanırdı. 1992-ci ildən “Kəpəz”dədi. Özü oynadı, sonra oynayan-məşqçi oldu, 1994-cü ildən isə komandaya rəhbərlik edir.

-Komandada kimlər oynayır, yığmanın oyunçuları varmı?

- “Kəpəz” Azərbaycanda yeganə klubdur ki, heyətində əcnəbi futbolçular var. Mövsüm başlamazdan əvvəl dəvət olunmuş Gürcüstan və Rusiyadan bir neçə futbolçu Gəncədə çıxış edir. Onlardan ən məşhuru Krasnodardan Murad Qomleşkodur. Başqa klublar isə, hətta qonşu ölkələrdən belə futbolçu dəvət edə bilmir. “Kəpəz”in hər iki qapıçısı - Nizami Sadıxov və Hüseyn Maqomedov milli komandaya namizəddir. Milli komandada Xaliq Mərdanov, Qurban Mahmudov (FM: Mahmud Qurbanov nəzərdə tutulur) və Azərbaycanda 1997-ci ilin ən yaxşı oyunçusu, müdafiəçi Faiq Cabbarov çıxış edir. Ölkənin gənclərdən ibarət komandasına daha bir neçə gənc cəlb olunur. Birinci dövrə başa çatdıqdan sonra komandanı tərk edən olmadı, yeni gələnlər də olmadı. Çempionatın qeydiyyat müddəti fevralın 1-də başa çatdığından, böyük ehtimalla “Kəpəz”də dəyişiklik olmayacaq.


Müsahibəni aldı: Eduard NISENBOYM



Əsas səhifəyə dön