Rafael Benitesin məqaləsi. İngiltərə və İspaniyada futbol klubunun quruluşu.

 

2021-ci ildə Rafael Benitesin məşqçilər üçün olan çıxışı.

Peşəkar futbol klubunun quruluşu. İngiltərə və İspaniyada məşqçi və menecerin rolları. Ümumi və fərqli tərəflər. 


Baş məşqçi yeni kluba gələndə müəyyən edilməli olan ilk şey onun məqsədləri və bu məqsədə çatmaq üçün mövcud resurslardır. Xüsusilə xarici ölkədə işləyirsinizsə, klub strukturunu diqqətlə təhlil etmək vacibdir. 

Qaydalar, turnir cədvəli, heyət, klub işçiləri və onların səlahiyyətləri, oyunçu müqavilələri, mühit, mədəniyyət, klub ənənələri... Bütün bunları bilmək düzgün qərarlar vermək üçün çox vacibdir. Ən azından sizdən asılı olan məsələlər barədə.

İtaliya və İspaniyada “Futbol direktoru” (Director of Football) və ya “Baş Skaut” (Chief Scout) deyilən bir vəzifə var. Nəzəri olaraq, o, məşqçi ilə müqavilə imzalamaq və heyəti formalaşdırmaqdan məsuldur. Əksər hallarda, həmişə olmasa da, o, son sözünün tələb olunduğu bütün proseslərə cavabdeh olan məsul şəxsə, Prezident və ya klub sahibinə məsləhətlər verir.

İngiltərədə bütün bunları Menecer (Manager) edir. Onun səlahiyyətləri arasında bütün futbol işlərinin idarə edilməsi, o cümlədən matç üçün heyətin müəyyənləşdirilməsi də var.

Praktikada hər iki struktur növü bir şeydən asılıdr. Bu, transferlər üçün və oyunçuların maaşları üçün lazım olan maliyyədir. İstər “menecer”, istərsə də “məşqçi” istər-istəməz belə bir faktla üzləşirlər ki, klubun, onların hazılradığı siyahıdan yalnız üç-dörd futbolçu ilə müqavilə bağlamaq imkanı olur. Bu əslində doğru sxemdir. Sonunda menecer istədiyini seçə bilər.

Heyətin formalaşması

Texniki tərəfə cavabdeh şəxs kimi baş məşqçi və ya menecer komandanızın meydanda özünü aparacağı oyun modelini seçməlidir. Bütün oyunçuları tanımaq, onlarla danışmaq, heyət ilə bağlı fikirlərini öyrənmək vacibdir. Ehtiyac olarsa, komandaya, heyəti keyfiyyətcə gücləndirə bilən ifaçılar əlavə edilməlidir. Əgər bu seçiminiz yoxdursa, mövcud heyəti oyun modelinizə uyğunlaşdırmalı və oyunçuların sizə ehtiyac duyduqda dəstək verəcəyinə ümid etməli olacaqsınız.

Bundan əlavə, müxtəlif ölkələrin, oyunçularla müqavilələrin hazırlanmasına, fərqli yanaşmaları var. Beynəlxalq turnirlərdə iştirak edən klublara xüsusi şərtlər tətbiq edilir. Elə liqalar var ki, orada bu ölkədən 5 oyunçu oynamalıdır, bəzilərində əcnəbilərlə müqavilə bağlamaq məhdudiyyəti var, digərlərində oyunçular “A” və “B” siyahılarına bölünür... Beləliklə hər bir ölkənin, hər liqanın özünəməxsus xüsusiyyətləri var. Komandaya qoşulmadan və onu dəyişməyə qərar verməzdən əvvəl,  bu qaydaları tam dərk etməlisiniz.

Sizin planınız, bir növ “futbol layihəsi” olmalıdır. Amma iş dünyasından futbola gələn sahiblərlə danışanda bunu ancaq “biznes plan” adlandırmaq lazımdır.

Və burada yenə öz təcrübəmə müraciət edəcəyəm. Mən İtaliyaya gələndə orada heç bir “biznes plan” yox idi. Mən bunu yalnız transfer pəncərəsinin son günündə eşitdim. Qəfildən mənə məlumat verildi və mən bildim ki, klub maliyyə feyr-pleyinə əməl etməlidir.

İspaniyada klub rəhbərliyi ilə daimi dialoq sizə iqtisadi məhdudiyyətləri anlamağa və onlara əməl etməyə imkan verir. Beləcə, harada olduğunuzu başa düşürsünüz. Baxmayaraq ki, bir dəfə prezidentin təşəbbüsü ilə avqustun son günündə forvard alınması məni təəccübləndirmişdi. O, bu transferi icarə olduğu üçün futbolçunun ucuz başa gəlməsi ilə əsaslandırmışdı.

İngiltərədə, xüsusən də "Liverpul"da keçirdiyim ilk 3 mövsümdə sədr və baş direktor məni bütün məhdudiyyətlər və mövcud seçimlər barədə məlumatlandırırdı. Daha sonra klubun strukturu dəyişdi və getdikcə mühüm qərarların qəbulu zamanı, biznes plan  istənilən futbol layihəsindən daha vacib oldu.

Gənclər akademiyasının fəaliyyətini də unutmaq olmaz. Yerli oyunçularla oynamaq klubla yaxınlığınızı xeyli artırır və xərcləri əhəmiyyətli dərəcədə azaldır. İspaniya və İtaliyada gənclər strukturu idman direktoruna həvalə olunur, baş məşqçi isə buna çox vaxt ayırmır. İngiltərədə də eyni şey baş verə bilər. "Liverpul"dakı son ildə mən belə bir vəziyyətlə qarşılaşdım. Menecer bütün gənclər sistemi üzərində tam nəzarətə malikdir və bütün yaş qrupları davamlı olaraq eyni oyun tərzi ilə oynayır. "Barselona" gənclərinin iş strukturu indi populyarlığının zirvəsindədir. Bununla bağlı daha bariz və parlaq nümunə tapmaq mümkün deyil.

Unutmayın ki, yaxın vaxtlarda əsas komandada çıxış edə biləcək gənc perspektivli futbolçularınız yoxdursa, transfer bazarına üz tutmalı olacaqsınız.

İdman direktoru və ya menecer transfer büdcəsini öz nəzarətində saxlamalı, həmçinin futbolçuların maaşlarını hesablamalıdır. İşi qüsursuz olmasa da yaxşı bir skaut komandasının olması çox vacibdir. Yaxşı skaut komandası və pul bazarda tələbatlı oyunçuların klubunuz üçün əlçatan olmasına təsir edəcəkdir. Gəlir və xərclər menecer üçün məşqçidən daha önəmlidir.

Qaydalar və reqlament növləri

Nəzərə alınmalı olan daha bir nüans isə müxtəlif beynəlxalq normalardır. Tipik olaraq, əsas komandanın mövsüm üçün iştirak ərizəsi 25 oyunçu ilə məhdudlaşır. Bəzi ölkələrdə, məsələn, İspaniyada gənc futbolçunu 5 matçda oynaya bilərsən, ondan sonra o, əsas heyətə salınmalıdır.

Heyət ölçüsünün məhdudlaşdırılması klubda müqaviləli oyunçuların həddindən artıq yığılması ilə mübarizə, liqa daxilində və liqalar arasında rəqabət balansını qorumaq üçün mühüm mexanizmdir. Bu məhdudiyyətlər həm də oyunçuların maaş almaması və ya klubların maliyyə itkisinə məruz qalma risklərini xeyli azaldır. Stimullaşdırıcı qaydalarla oyunçuların inkişafı ilə bağlı bu cür məhdudiyyətlər, şübhəsiz ki, müasir Avropa futbolunun ən aktual problemlərindən biri olan rəqabət balanssızlığı ilə mübarizənin ən effektiv üsuludur. Ona görə də milli liqalarda belə limitlərin tətbiqi maliyyə “fair-play”in ilkin məqsədlərinə çatmağın əsas yollarından biridir.

Ən azı 16 Avropa ölkəsində icarətə verilən oyunçuların sayına və ya icarəyə götüməyə limitlər var. Bu cür limitlərin çoxsaylı növləri var, lakin hələlik vahid sistem yoxdur. Hətta bir ölkənin müxtəlif liqalarında fərqli qaydaların olduğu ölkələr var.

İngiltərədə məşq zamanı əvəzedici komandanın oyunçularının xidmətindən istifadə edə bilərsiniz və onlar da öz növbəsində əsas komandaya yüksəlmək üçün lazımi təcrübə qazanırlar.

U-18 komandası da sizin ixtiyarınızdadır. Oradan bəzi oyunçuların, xüsusən də xaricdən olan futbolçuların peşəkar müqavilələri olmalıdır. Əks halda, digər klublar onları sizdən qopara bilər.

“Liverpul”da olduğum müddətdə azarkeşlər tez-tez deyirdilər ki, mən həddən artıq çox oyunçu ilə müqavilə imzalamışam, əslində onların çoxu ayrı-ayrı yeniyetmə qruplarında məşq edirdi, bəzilərini isə heç tanımırdımm. İspaniyada belə oyunçular ikinci gənclər komandasına qoşulur və əsas komandanın oyunçu satın alınması reyestrinə daxil edilmir. Eyni prinsip İtaliyada da tətbiq olunur.

İspan sistemi ümumiyyətlə ingilis sistemindən daha mütərəqqidir, çünki gənc oyunçular həmyaşıdları arasında qarışmırlar. Onlar aşağı divizionlarda böyüklərlə böyük futbolu oynayırlar. Və, buna görə də onların rəqabət qabiliyyətinin səviyyəsini başa düşmək daha asandır.

Həmişə nəzərə almalı olduğumuz digər qaydalar Çempionlar Liqası üçün ərizə tərtib edərkən öz yetirmələrimizin və yerli federasiyanın yetirmələrinin iştirak ərizəsinə salınmasıdır. “Öz akademiyasından gələnlər” oyunçuların sayı ən azı 4 ədəd olmalıdır və daha 4 ədəd isə yerli futbolun yetirməsi olmalıdır. Əgər futbolçu 21 yaşına çatana qədər klubda 3 ildən çox vaxt keçiribsə, o, klubun öz yetirməsi sayılır.

Yenə də fərqlər var. Məşqçi ancaq öz komandası ilə məşğul olur, heyət idman direktorunun
səlahiyyətindədir. Amma menecer gələcək üçün planlar qurmalıdır. “Liverpul”da bizə 21 yaşı tamam olmamış bir neçə gənc futbolçunu (Ayala, Paçeko, İnsua) xaricdən gətirmək tapşırığı verilmişdi ki, onlar 3 ildən sonra bizim yetirmələrimiz sayılacaqdı. Bu da klubun transferlərə və müqavilələrə xərclədiyi pula qənaət etməsinə kömək edəcək, həmçinin onlar Çempionlar Liqasında iştirak ərizəsinə daxil ediləcəkdi. İspaniyada və ümumilikdə Avropada bir məşqçi kimi yalnız bir neçə il çalışıb, kuboklar qazansanız, klubda növbəti illərin planlaşdırılması prosesinə qoşulursunuz. Bunu isə az adam bacarar...