Qattuzo - qozbeli qəbir düzəldər. 1-ci hissə

 

Ön söz


Bəzi klub yoldaşlarım deyir ki, mənim italyan dili müəllimim mən çox balaca olanda dünyasını dəyişib. Onlar (səhv olaraq) düşünürlər ki, mən qrammatikadan heç nə başa düşmürəm. Siz təəccüblənə bilərsiniz: Qattuzo özü haqqında kitab yazmaq fikrini necə ağlına gətirə bildi? O, özünü kim hesab edir? O, nədən danışa bilər? Uşaq nağılını təkrar danışacaqmı? Yoxsa, bu, əsas personajlarının Rino və Tottinin olacağı bir detektiv hekayə olacaq? Sakit olun, belə bir şey yoxdur. Bu səhifələrdə mənim həyatım, futbolum, fikirlərim var. Qum üzərində böyüyən, “terrone” (tər:İtaliyada cənub sakinlərinə lağ etmək üçün istehzalı ifadə) olmaqdan qürur duyan və işə başlasa, hətta "Kiker"də (stolüstü futbol oyunu) rəqibi olacaq insana da zərbə vuran “terrone”nin hekayəsi. Nərildəyən, amma dişləməyən. Dünyada zirvədə olmaq üçün ürəyə, ruha və ciyərlərə güvənənlər - təkcə futbolda deyil, həyatda da ən vacib üç komponent. Və əgər bu, həqiqətən də "bir yarımmüdafiəçinin həyatıdır"sa (Liqabuenin mahnısı), onda bu həyatdan qaçmaq yoxdur. 

Bu kitabı ən çətin anlarımda mənə dəstək olan ailəmə ithaf edirəm. Anama, atama, bacılarım İda və Françeskaya, nənələrimə və babalarıma, qiymətsiz xəzinələrim olan həyat yoldaşım Monika və qızım Qabrielaya. Əziz qayınatam Mario və qaynanam Pinaya. Və, digər bütün sevimli qohumlarıma.

Prezident Silvio Berluskoniyə, Adriano Qallianiyə, Aryedo Braydaya, Karlo Ançelottiyə və bu ailənin bir hissəsi olduğum üçün fəxr etdiyim "Milan"a. Mənim böyük dostlarım və əsl peşəkarlarım olan Klaudio Paskualina, Andrea və Alessandro D'Amikoya. Mənə ilk inanan insanlar olan Devid Murrey və Uolter Smitə, bəlkə bir gün yenidən görüşəcəyik. Məni yenidən İtaliyada qarşılayan Anyello Alberti və Peppino Pavoneyə.

Ritssoli nəşriyyatının komandası və xüsusilə Fabio Ravera və Vittorio Mentaneyə.

Çempion olmaq arzusunda olan bütün uşaqlara və uşaqlıq həvəsini və təvazökarlığını qoruyub saxlaya bilmiş bütün çempionlara.

Skyavoneadan olan balıqçılara, onların xatirələri həmişə mənə dəniz qoxusunu hiss etməyə kömək edir.

Əziz dostlarım Salvatore və Valentinoya. Bu sətirləri yazanda unutduğum, amma ürəyimin xatırladığı hər kəsə.

Bu kitabı oxuyanlar başa düşəcəklər ki, nə işlə məşğul olursunuzsa olun, həyatda ən vacib döyüşü qazana bilərsiniz. Xüsusi istedadınız olmasa da, həmişə əlinizdən gələni edin və etdiyiniz hər işə sevgi ilə yanaşın.

Fəsil 1. Usta Rinonun oğlu

Mən yeddi aylıq doğulmuşam. Məni mart ayında gözləyirdilər, amma mən, 9 yanvar 1978-ci ildə dünyaya meydan oxumağa hazır olan qara saçlı bir başla gəldim. Güman edirəm ki, məndə səbirsizlik geni var və anam Kostansanın qarnından tez çıxmaq istəyi məhz bunun, impulsiv, həyəcanlı, gözləməyə nifrət edən bir xarakterin ilk nümayişi idi. Meydanda da belə olacam. Doğulmağım mühüm bir hadisə idi, mən ailənin ilk oğlan uşağıyam, atam Frankonun və adını daşıdığım babam Cennarinonun qüruru və sevinciyəm.

Doğum haqqında şəhadətnaməmdə Cennaro İvan Qattuzo kimi qeyd olunub, amma hamı üçün mən sadəcə Rinoyam. Skyavoneadan olan Rino. Korilyuano Kalabriya, atamın dediyi kimi, Yunanıstanın anası! İon dənizinin sahillərində çox şey görmüş bir ovuc ev. Bizanslılar, Normanlar, Ərəblər və həmçinin, mənim üçün bu ən vacib şeydir, balıqçılar və uşaqlar, dəniz və günəş. Mənim şəxsi cənnətim. Tətillərimi həmişə burada keçirirəm. Aylarla təyyarələr, qatarlar və avtobuslar ilə dünyanı gəzdikdən sonra, hələ başlamamış sizi yorğunlaşdıran bir tətili kim istəyər? Sizə ekzotik istirahət vəd edildikdən sonra Kəlkətədə "McDonald's"da yemək yeyəcəyinizi bilirsinizmi? Mənə ekzotik heç nə lazım deyil. Skyavoneyada ailəmin rahatlıqla şam yeməyini seyr edərkən ən gözəl mənzərələri görürəm. Gələn kimi atamla masa arxasında əyləşib sevgi kimi nazik və sıx, quru və qırmızı bir stəkan "Magliocco di Cosenza" içirik. Çörək və pendirlərlə qəlyanaltı edirik. Mən dərhal uşağa çevrilirəm.

Təkəbbürlüyəm demə, amma atam müqəddəs Cüzeppe (Yusif) kimi dülgər idi. Damiano əmi ilə birlikdə çimərlik yaxınlığında emalatxana işlədirdilər, anam isə uşaqlarla evdə qalırdı. Biz heç vaxt dəbdəbəli yaşamamışıq, amma heç nəyə ehtiyacımız da yox idi. Mən böyüyəndə balıqçı olmaq istəyirdim. İndiki həyatımda, demək olar ki, çatışmayan bir şey varsa, o, dənizdir, ikinci evimdir. Çünki dəniz mənim kimidir, gözləməyi bilmir, dayanmır. Sehrli olduğu üçün gündə min dəfə dəyişir - gecə də həmçinin. Gecə bir yerdə ola bildiyim, sahildən və ya otağımın pəncərəsindən qaranlıqda gizlənən dənizi seyr etdiyim yeganə an idi. Mən sehrlənmiş balıqçının fənərlərinə baxırdım, sonra midye, karides, xərçəng və ton balığı ilə dolu torları xəyal edirdim. Budur, onları sudan çıxarıram, balıqçı dostlarımla zarafatlaşıram. Təbii ki, mən bütün yerli balıqçıları tanıyırdım, biz uşaqlar onlara pərəstiş və ehtiramla baxırdıq. Əfsanəvi Nardo Pippe, Kuratolo və Martillotto ailələri, dənizdə doğulmuş kimi görünən, onun ən gizli sirlərini belə bilən insanlar. Onlar bizim bütlərimiz idi.

Mən də onlar kimi olmaq istəyirdim. Ona görə də, günortadan sonra qayıqlar limana qayıdanda mən orada olurdum və balıqçılara balıq dolu qutuları boşaltmağa kömək edirdim. Hər vedrədən mənə bir-iki balıq verirdilər, sonra da meydanda balıq, dəniz məhsulları satırdım.

Bu, yəni balıq satmaq, mənim ilk işim idi. Kart oynayan və ya barlarda sadəcə söhbət edən insanlara yaxınlaşıb onlara məhsul təklif edirdim. Satış ancaq mənim şərtlərimlə olurdu. Qiymətdən razı idilərsə, satırdım, istədiyim qiymətə razı olmurdularsa, balığı evə apardım. Bəzən babam da alıcılar arasında olurdu. Həmişə bazarlıq edib qiyməti aşağı salırdı və tez-tez ona çox ucuz demək olar ki, pulsuz balıq verməli olurdum. Bu yolla pul qazana bilmək fikrini ilk dəfə mən ortaya atmışdım, sonra da bir çox dostlarım da bunu etməyə başladı. Mən başa düşmüşdüm ki, bir az həyasızlıq və əzmkarlıqla öz mövqeyində dayanmaq bacarığı ilə gündə 20 min lirə qazana bilərsiniz. O zaman on yaşlı bir oğlan üçün çox yaxşı idi. Sonra bu pula hər şeyi və ya demək olar ki, çox şeyi almaq olardı. Şirniyyatlar, stikerlər, jurnallar. Və, əlbəttə ki, top. Mən onunla heç vaxt ayrılmamışam, onu həmişə özümlə aparmışam. Top sanki ayaqlarıma yapışmışdı və bu, çıxardığım səs-küydən dəhşətli dərəcədə qəzəblənən anamı bezdirirdi. Otaqda, bağda, yemək stolunun altında... Anam bəzən bezdiyindən deyirdi ki, “Onunla bəlkə tualetə də gedəsən?!”. Atamın emalatxanasına gedəndə maşın səslərindən və atamın əmimlə iş haqqında söhbətlərindən tez yorulurdum və qaçıb topla yaxınlıqdakı çimərlikdə vaxt keçirirdim. Buna görə də top mənə çox gözəl yoldaş idi.

Və orada, qum üzərində futbolu sevməyə başladım. Düzünü desəm, bizim evdə balıq qədər çoxlu futbol var idi. Atam "Milan"ı ehtirasla dəstəkləyirdi, Canni Riveraya pərəstiş edirdi. Atam deyirdi ki, onda olan ayaq yox, rəssam fırçalarıdır. Hamı üçün atam dülgər idi, amma o öz daxilində futbol xəstəsi idi. Amma təkcə divanda oturub oyun izləyən yox. O, Kalabriyada bir çox komandalarla dördüncü divizionda hücumçu kimi çıxış edib və mənim ilk müəllimim olub. Yadımdadır, o, babamın azarkeşi olduğu komanda olan "Skyavonea"nın prinsipial rəqibi "Koriyano" klubunda bir mövsüm keçirmişdi. Derbi zamanı babam qapı arxasına yaxınlaşıb və bütün oyun boyu doğma kəndinin komandasına qarşı oynamağa cəsarət edən oğlunu təhqir eləmişdi. Qışqırırdı ki, satılmışdır. O, hakimə müraciət elədi: “Qara paltarlı cənab, bu satılmış vicdansızı cəhənnəmə qovun”. Ata hər şeyi kifayət qədər yaxşı eşidirdi. Hücumda oynayırdı (hətta bir dəfə bir matçda 14 qol vurdu), lakin ən yaxşı müdafiəçilər kimi döyüşkən və əzmkar idi. Atam futbola olan ehtirasını mənə ötürmüşdü. Elə bil dünən mən onun məşq çantasına başımı salıb kamfora yağının iyini içimə çəkirdim. İndi bu artıq belə deyil. Mən təbii ki, öz gələcəyimi təsəvvür edirdim, xəyal edirdim ki, bir gün mən də onun kimi güclü olacağam və San Siroda, "Milan"ımın forması ilə oynayacağam. 

Bəli, bütün ailəm qırmızı və qara rənglərə sadiq idi. Bu sevgini anamın südü ilə bədənimə hopdurdum, sonra atamın futbol haqqında danışdıqlarını dinlədikcə, bu sevgi daha da böyüdü. Onu dinləməkdən həzz alırdım və indi də ondan tez-tez keçmişin oyunçuları haqqında soruşuram. O, mənə "Milan"ın ilk avrokubok finalları haqqında danışırdı. Bu finalları atam radioda dinləmişdi. Mənim “Milan”la ilk finalım 1990-cı ildə “Styaua” ilə matç olub. Qullit və Van Bastenli komandanın qələbəsindən sonra atam məni gəzintiyə aparmışdı. Ətrafda hər kəsin bayram etməsini, maşınların qırmızı-qara rənglərlə bəzədildiyini müşahidə edirdik, məni duyğular bürümüşdü. Təbii ki, bir neçə ildən sonra Çempionlar Kubokunda qələbəni meydanda qeyd edəcəyimi təsəvvür edə bilməzdim.

İşdən sonra atam yanıma, sahilə gələrdi və mənimlə futbol oynayırdı. O vaxt bu hadisə mənə adi görünürdü, amma sonra ata olanda bu haqda çox düşündüm. Bilmirəm indi neçə valideyn öz uşaqlarıyla futbol oynayır və ya oynamaq istəyir. Atam məni tərifləyərdi, deyirdi ki, məndə Maradonanın ayaqları var. Təbii ki, bu yalan idi, amma atam ümid edirdi ki, Dieqo səviyyəsində bir oyunçuya çevrilə biləcəyəm. Burada qeyd etmək lazımdır ki, Maradonaya münasibətimiz fərqlidir. Demirəm ki, Dieqonu sevmirəm. Amma atam Rivera kimi texniki cəhətdən parlaq oyunçuları bəyəniridi. Amma mən meydanın mərkəzində döyüşçü kimi vuruşan futbolçulara üstünlük verirdim. Döyüşçülər, zəhmətkeşlər. Onların Rivera kimi əl ayağı yox idi və onlar gözəl oyunla nəzərə çarpmırdılar. Amma onlarsız heç bir komanda nəticə əldə edə bilməzdi. Atam mənə "Milan"ın böyük ürəkli yarımmüdafiəçiləri olan Lodetti, Buriani, Benetti haqqında danışırdı.

Düşünürəm ki, Salvatore Banyinin kumirimə çevrilməsi ilə barışmaq onun üçün çox çətin idi. Banyiyə pərəstiş edirdim, baxmayaraq ki, o, əvvəllər “İnter”də oynamışdı. Onun ürəyi top boyda idi, komandaya rəhbərlik edir və həmişə məsuliyyəti öz üzərinə götürürdü. Salvatorenin ketrlərini çox aşağı geyinməsini də çox bəyənirdim. İndi bu artıq mümkün deyil, qaydalar buna icazə vermir. Bəzən otaqda gizli şəkildə Banyinin posterini asmağa çalışırdım, amma alınmırdı. Adətən ya lent yapışmırdı, ya da anam onu ​​çıxarıb divar kağızını xarab etdiyimi söyləyirdi. Mənə elə gəlirdi ki, əsas səbəb ata idi, o, evində “İnter”in keçmiş futbolçusunun şəklinin asılmasını istəmirdi. Baxmayaraq ki, bacılarıma da divardan poster asmaq qadağan etmişdi. Əlbətdə ki, onlar Banyiyə heyran deyildilər, amma məmnuniyyətlə bütün bu müğənnilərin şəklini divara yapışdırmaq istəyirdilər. Ümumiyyətlə, söhbət günahın atada olmasından getmir. O bu işdə günahkar olsaydı belə, mən onu bağışlayardım, çünki atam həmişə mənim üçün nümunə olub. Bunu deməyə utanmıram. Atam olduğu üçün özümü çox şanslı hesab edirəm, ona heyranam, o, mənim üçün nümünə olub və bu gündə belədir. Atam həmişə içimdədir. Təkcə futbola sevgi aşıladığına görə yox. O, mənə həyatı öyrətdi. Ağıllı və ya gözəl səslənməyə bilər, amma mən belə düşünürəm.

Ümumiyyətlə, mən onunla fəxr edirdim, o da mənimlə fəxr edirdi. Siz təsəvvür edin, mənimlə necə qürur duyurdusa, məni Maradona ilə müqayisə etməyə belə cəsarət edirdi. Atam məni futbol yoluna sövq etdi, amma heç vaxt buna təkid etmədi. O, futbolun həqiqətən istədiyim şey olub olmadığını anlamağa çalışdı. Düşünürəm ki, o, gizlicə mənim oynamağıma baxırdı. Amma o, daim özünü elə göstərirdi ki, mənim oynamağım, uğur qazanıb-qazanmamağım, nə baş verdiyiylə maraqlanmır. Mənə heç vaxt, hətta peşəkar olanda da, yaxşı və ya pis oynadığımı demədi. Heç vaxt. O, ancaq hakimlərlə problemim yaranarsa, məni danlayırdı (hələ də danlayır).

İki yaş yarım olanda başımı qapı çərçivəsinə vuraraq xəstəxanaya yerləşdirildim. Nəticədə qaşımın üstünə beş tikiş vuruldu. Amma güclü başım var idi. Ayağımda top olanda heç nə düşünmürdüm, özümü yüngül və azad hiss edirdim. San Siro çox uzaqda, min kilometr məsafədə idi, lakin bir top və balıqçılardan oğurlanmış iki kanistr stadiona çatmaq üçün kifayət idi. 1982-ci ilin Milad bayramında (mən dörd yaşındaydım) Şam ağacının altında təkcə top deyil, həm də futbol forması tapdım. Sarı rəngli formam, çox gözəl idi. İlk formam. O, "Milan" forması olmasa belə. Bu futbolçunun forması idi, Rinonun forması. Usta Rinonun oğlu. Birlikdə oynadığım dostlarım məni belə çağırırdılar. Bəli, onlar səhv edirdilər, Cennaro, yəni Rino, babamın adı idi. Beləliklə, mən Rinonun usta oğlunun oğlu idim. Başa düşürəm, bu çox da rahat səslənmir.

Üstəlik, əsas olan sənin necə adlanmağın deyildi. Əsas olan oynamaq idi. Hər gün, mümkünsə bütün gün Skyavoneada isti yay günəşi altında sonsuz yay turnirləri. Qazonumuz qum idi, Braziliyadakı kimi. Braziliyanın dünyaya çoxlu böyük oyunçular bəxş etməsinin səbəbi budur. Amma öz-özümə bu sualı vermədən özümü saxlaya bilmirəm: Dəli dostlarımla çimərlikdə beş saat oynamağı necə bacarırdım? Bilirsiniz, indi çimərlikdə topla 15 dəqiqə hərəkət edən kimi özümü çox pis hiss edirəm, sümüklərimin cırıldadığını eşidirəm. Amma etiraf edim ki, o oyunlar futbolçu olmağıma kömək etdi, məni sərtləşdirdi. Bunun sayəsində hər matçda 13 kilometr qaçmağı bacarıram. Və yəqin ki, o oyunların məziyyəti odur ki, dostum Andrea Pirlonun texnikasına malik olmadığıma baxmayaraq "Milan"da və İtaliya millisində çıxış etdim. Və, dünyanın zirvəsinə qalxdım. Usta Rinonun oğlu kimi deyil, "Ringhio(italyan dilində nərilti, mırıldamaq mənasını verir) kimi. Jurnalist Carlo Pelleqatti mənə bu ləqəbi verdi və o, həmişəlik mənimlə qaldı.

Bilirsinizmi, mən həqiqətən də ruhumun dərinliklərində nərilti eşidirəm, pələng nəriltisi, usta Rinonun oğlunun pələnginin.