Azərbaycan futbolçuları üçün İspaniyada iş icazəsi

 

Bu məqalə "MySpanishResidency", "SchengenVisaInfo" və "VisaGuide.World" kimi rəsmi təşkilatların məlumatlarına əsaslanaraq, İspaniyada futbolçular üçün iş icazəsi üçün olan tələblər barədədir. 

"Real Madrid", "Barselona" kimi klublar, özünə məxsus futbol mədəniyyəti, dünyada məşhur olan liqa və dünya səviyyəli oyunçular İspaniyanı dünyanın hər yerindən gələn futbolçular üçün sevimli məkana çevirir. Bununla belə, qeyri-Avropalı oyunçular üçün bu futbol cənnətində karyera qurmaq üçün iş icazəsi almaq çox mürəkkəbdir. Futbolçular üçün İspaniyada iş icazəsinin alınması diqqətli sənədləşdirmə və futbol klubunun fəal iştirakını tələb edən prosesdir. Həm klubların, həm də oyunçuların müraciət prosesinin incəliklərini başa düşməsi çox vacibdir.

Gəlin əvvəlcə aydınlaşdıraq, İspaniyada futbol oynamaq üçün iş vizası kimə lazımdır? İspaniyada iş vizası, İspaniyada iqtisadi fəaliyyətlə məşğul olmaq, o cümlədən peşəkar futbol oynamaq niyyətində olan Avropa İttifaqı üzvü olmayan xarici vətəndaşlar üçün məcburidir. Buraya Avropa İttifaqı, İsveçrə və ya Avropa İqtisadi Bölgəsi (EEA) vətəndaşlığı olmayan şəxslər daxildir. 

İspaniyada Avropa İttifaqına daxil olmayan vətəndaşlar üçün iki cür iş vizası mövcüddur.

  1. İspaniyada iş vizası: İspaniyada muzdlu işləyəcək işçilər üçün.
  2. İspaniyada özünüməşğulluq vizası: İspaniyaya investisiya qoymaq və ya İspaniyada biznes qurmaq istəyən şəxslər üçün.

Futbolçular üçün birinci növ iş vizası tələb edilir. Bu vizanın alınması prosesi müraciət prosesi ilə başlayır. Müraciət prosesi işə götürən, yəni, futbolmunu transfer edən klub tərəfindən başlanır və bu, xarici oyunçuya həqiqi ehtiyacı nümayiş etdirməli, oyunçunun unikal bacarıqları vurğulanmalıdır. Klub oyunçunun adından ilkin iş icazəsinin alınmasına cavabdehdir. Həmçinin klub bir sıra tələbləri yerinə yetirməlidir, o cümlədən klubun maliyyə dayanıqlığının sübutunu. Klub həmçinin İspaniya Baş Sosial Müdafiə Xəzinədarlığında qeydiyyatdan keçməli və futbolçunu ədalətli iş şəraitində daimi işlə təmin etmək qabiliyyətini nümayiş etdirməlidir. İşəgötürən eyni zamanda İspaniyada bu vəzifəyə uyğun istedadı tapmağın çətinliyini qeyd etməklə xarici oyunçunun işə götürülməsinə haqq qazandırmalıdır.

Futbolçudan aşağıdakı sənədlər tələb edilir:

  • Xarici pasport. Pasportun yararlılıq tarixinin bitmə günü, futbolçunun İspaniya ərazisində nəzərdə tutulmuş son qalma tarixindən 3 ay sonra olmalıdır.
  • İspaniyaya D vizası üçün doldurulmuş ərizə forması.
  • Şengen viza tələblərinə cavab verən, yeni çəkilmiş fotoşəkillər.
  • İspaniyadan və oyunçunun ölkəsində cinayət qeydi sertifikatı.
  • Futbolçunun ictimai təhlükə törədən hər hansı xəstəlikdən əziyyət çəkmədiyini təsdiq edən tibbi arayış.
  • İspaniyaya yerləşməyin sübutu.
  • İspan klubu ilə iş şərtlərini təsvir edən əmək müqaviləsi.
  • İşəgötürən tərəfindən İspaniyanın səlahiyyətli orqanlarından alınmış iş icazəsi.

İş vizası ilə İspaniyaya gəldikdən sonra futbolçular qalma müddəti üç aydan çox olarsa, yaşayış icazəsi üçün müraciət etməlidirlər. Bundan əlavə, futbolçular İspaniyada hüquqi statusu və işini rəsmiləşdirmək üçün yerli bələdiyyə reyestrində və Ümumi Sosial Sığorta Fondunda qeydiyyatdan keçməlidir.