Mateuş Koxalski, Şahruddin Məhəmmədəliyev, Fabian Buntiç, Amil Ramazanov, Kevin Medina, Bədavi Hüseynov, Marko Veşoviç, Matteus Silva, Julio Romao, Aleksey İsayev, Marko Yankoviç, Patrik Andrade, Riçard Almeyda, Yassin Benziya, Abdulla Zubir, Aleksey Kaşuk, Leandro Andrade, Emmanuel Addai, Juninyo, Redon Cica. Tam 20 nəfər. Bunlar, ölkənin ən böyük klubu olan "Qarabağ"ın 27 nəfərlik əsas komandasında oynayan və xarici ölkə futbolunun yetirmələri olan futbolçulardır. Tam 20 nəfər. Digər klublarımızda da vəziyyət fərqli deyil. Məsələn, ölkənin ən imkanlı və ən böyük imtiyaza malik klubu olan "Neftçi"nin əsas heyətində olan 26 futbolçunun 19 nəfəri Azərbaycan futbolunun yetirməsi deyil. Bu cür oyunçuların sayı son mövsümün gümüş mükafatçısı "Zirə"də 18, futbolumuzun gəıəcəyi üçün yaradılan "Sumqayıt" və "Sabah"da isə 15 nəfərdir.
Bunun günahı kimdədir, klublarda? Xeyr! Futbol klubu bir biznes müəssisəsidir və pul qazanması üçün yarış meydanlarında uğur qazanmalıdır. Bunun üçündə futbol klubları tez nəticə verəcək keyfiyyətli futbolçulara sahib olmalıdır. Məntiqli olaraq hazır və tez nəticə verəcək legioner futbolçuların alınması imkanı ola ola, klubların futbolçu yetişdirməyə motivi olmur.
Bəlkə günah klubların məşqçilərindədir? Xeyr! Əgər klub rəhbərliyi məşqçidən nəticə istəyirsə və klubun müəyyən edilmiş strategiyası varsa, hansısa məşqçi niyə öz işini təhlükəyə atmalıdır? Əgər populizmi kənara qoysaq, heç bir peşəkar insan bunu etməz. Ümumiyyətlə bu peşə etikasına və peşəkarlığa yad bir məsələdir.
Bəs günah kimdədir? Bir mənalı olaraq bunun günahı legioner limiti və düzgün olmayan şərtlərlə "yerli oyunçu" statusunu müəyyən edən AFFA və PFL adlı qurumlarda. UEFA-nın "yerli oyunçu" statusu haqqında uzun illər əvvəl qəbul edilmiş bir qanunu var. Futbolçu, yetişmə dövrü hesab edilən, 15-21 yaş arasında azı 36 ay çıxış etdiyi klubun yetirməsi sayılır. Və, futbolçu yetirməsi olduğu klubun çıxış etdiyi ölkə üçün "yerli futbolçu" statusuna malik olur. Həmçinin UEFA-nın 2008-ci ildə qəbul etdiyi qanuna görə, avrokuboklarda iştirak edən klubların 25 nəfərlik iştirak ərizəsində maksimum 17 nəfər "yerli futbolçu" statusunda olmayan futbolçu ola bilər. Bundan əlavə iştirak ərizəsində, 4 nəfəri klubun öz yetirməsi olmaq şərti ilə, 8 nəfər "yerli futbolçu" olmalıdır. Avrokuboklardakı ən uğurlu təmsilçimiz olan "Qarabağ"ın son illərdə Toral Bayramov, Elvin Cəfərquliyev, Nəriman Axundzadə, Zamiq Əliyev, Nihad Quliyev kimi futbolçuları yetiştirməsinin və Bəhlul Mustafazadə, Musa Qurbanlı, Abbas Hüseynov kimi oyunçuların meydanda olmasının motivi məhz UEFA-nın bu şərti oldu. Bəs bizim AFFA və PFL nə edir? Azərbaycan pasportu olan istənilən futbolçu dərhal "yerli futbolçu" statusuna malik olur. Çempionat matçlarında isə 7+4 sistemi ilə legioner limiti tətbiq edilir. Bu isə, klublara başqa ölkə futbolunun yetirməsi olan və milli komandada oynamaq üçün Azərbaycan pasportu verilmiş futbolçulardan istifadə etməsi üçün yaşıl işıq yandrıır. Buna görə də, klublar və məşqçilər nəticə üçün geninə boluna legionerlərdən istifadə edir. Məsələn, çempionatın birinci dövriyyəsinin son turunda baş tutan "Kəpəz" - "Neftçi" oyununda, "Neftçi"nin start heyətində cəmi bir nəfər yerli futbolun yetirməsi var idi, qapıçı Rza Cəfərov. Digər on futbolçu isə, UEFA qaydalarına görə digər ölkələrə mənsub futbolçular idi. Gülməli yoxsa ağlamalı olduğunu müəyyən edə bilmədiyim bir situasiyadır. Dövlət klubu olan və dövlət tərəfindən hər il milyonlarla manat vəsait ayrılan klubun start heyətində cəmi bir azərbaycanlı futbolçu meydana çıxır. Və bu AFFA və PFL-in bacarıqsızlığı nəticəsində baş verir. Belə olan halda milli komandadan hansı uğurları gözləmək olar?
Bu problemi həll etmək çətindir? Əlbəttə yox. Bu məsələnin çox sadə bir həll yolu var və bunun üçün xaricdən mütəxəssis gətirməyə də ehtiyac yoxdur. İlk olaraq Premyer Liqa matçlarında, indiki qaydalarla olan legioner limiti ləğv edilir. UEFA standartlarına uyğun olaraq "yerli futbolçu" statusu və klubun yetirməsi anlayışı qəbul edilir. Və limit aşağıdakı kimi müəyyən edilir.
Klubların çempionatda iştirak ərizəsində maksimum 17 nəfər başqa ölkə futbolunun yetirməsi ola bilər. (İtaliya, İspaniya kimi ölkələrin əsas liqalarında tətbiq edilir)
Premyer Liqa oyunlarında klubların oyun üçün iştirak ərizəsində ən azı 12 nəfər "yerli futbolçu" statusunda oyunçu olmalıdır.
Bu 12 nəfərdən ən azı 8 nəfəri klubun öz yetirməsi olmalıdır. (Oxşar sistem Belçika çempionatında tətbiq edilir)
Mövsüm ərzində, 21 yaşını tamam etməmiş ən azı 5 oyunçu, ən az 10 oyunda meydana çıxmalıdır. (Oxşar tələb İspaniya, Portuqaliya liqalarında var)
7+4 limiti əvəzinə bunlar və ya buna oxşar sayda limit tətbiq edilsə, bu klublara futbolçu yetişdirməyə motiv verəcək. Bir neçə ildən sonra Elvinlərin, Toralların, Musaların, Nərimanların, Rzaların sayı qat qat çox olacaq. Bunun nəticəsini bir neçə ildən sonra həm klublarımızın stabil çıxışında həm də ki, milli komandalarımızın oyununda görə biləciyik.