Şeva - 48

Bu gün ukraynalı futbolçu Andrey Şevçenkonun anadan olduğu gündür.

Futbolçu 29 sentyabr 1976-cı ildə Kiyev yaxınlığında yerləşən Dvorkovşina kəndində anadan olub.
1986-cı ildə "Dinamo"nun uşaq futbol məktəbinə getməyə başlayır. 1993-cü ildə, 16 yaşında, "Dinamo"nun əsas komandasına cəlb edilir. Ancaq 1993/94 mövsümünü əsasən "Dinamo"nun ikinci komandasında keçirir və 12 qolla komandanın bombardirir olur. Bir il sonra Şeva artıq əsas komandanın oyunçusu olur və 8 noyabr 1994-cü ildə Donetskdə "Şaxtyor" ilə oyunda əsas komandada debüt edir. 1996-cı ildə əfsanəvi Valeriy Lobanovski "Dinamo"ya qayıdır və ardınca isə, Şeva böyüməyə başlayır.
1999-cü ildə İtaliya nəhəngi "Milan"a tranfer olunur və 7 mövsüm "Milan" ilə Avropanın ən böyük futbolçularından biri olur. 2006-cı ildə, 30 yaşında "Milan"ı tərk edir, ancaq futbolçu yeni klubu "Çelsi"də uğurlu ola bilmir. 2 il sonra "Milan"a qayıtsada, artıq nə "Milan" əvvəlki "Milan" idi nə də ki, Şevçenko əvvəlki Şeva olur.
2009-cü ildə doğma klubu "Dinamo"ya qayıdır. 3 il "ağ-mavi" formanı geyindikdən sonra, futbolçu karyerasını bitirərək, butslarını mıxdan asır.
2016-cı ildə Ukrayna Milli komandasında əvvəlcə məşqçi köməkçisi sonra isə Milli komandanın baş məşqçisi təyin edilir. Milli komandada 5 il məşqçilik etdikdən sonra, 7 noyabr 2021-ci ildə İtaliyanın "Cenoa" klubunun baş məşqçisi təyin edilir. Ancaq 2 ay sonra vəzifəsindən azad edilir.
25 yanvar 2024-cü ildə Ukrayna Futbol Assosiasiyasının prezidenti seçilir.