Maksim Medvedev: Düşünürdüm ki, artıq pul qarşılığında “Qarabağ”dan getsəm, satqın sayılaram...

Maksim Medvedev: Azərbaycan klublarından “Bakı” ilə “Neftçi”dən təkliflər oldu. Təklif gələn kimi baş məşqçimizə deyirdim. O da mənə hörmət əlaməti olaraq gedib görüşməyi, daha yaxşı şərtlər olacağı təqdirdə gedə biləcəyimi söyləyirdi. Deyirdim, yox, mənə “Qarabağ”da rahatdır və heç yerə getmək istəmirəm. Hörmət əlaməti olaraq gedib görüşürdüm, təkliflərə qulaq asırdım, sonra da zəng edib alınmayacağını bildirirdim. Bunu sırf etika xatirinə edirdim. Vaqif Cavadov “Tvente” ilə müqavilə bağlayan ildə həmin klub mənimlə və Rəşad Sadiqovla da maraqlanırdı. Sonra “Rostov”dan əlaqə saxlamışdılar, “Astana” rəsmiləri danışıqlar üçün hazır sənədlərlə Bakıya gəlmişdilər. Hətta təklif etdikləri məvacib “Qarabağ”da qazandığımdan iki dəfə artıq idi. Getmədim. Düşünürdüm ki, artıq pul qarşılığında “Qarabağ”dan getsəm, satqın sayılaram. O vaxt əsas heyətdə oynayırdım, vitse-kapitan idim, baş məşqçi və klub rəhbərliyi ilə çox yaxşı münasibətlərim vardı və ən əsası özümə qarşı sevgini görürdüm. Hətta qarşı tərəfə hörmət əlaməti olaraq danışıqlara gedəndə belə, özümü satqın kimi hiss edirdim. Maraqlı fakt deyim.
Bəlkə də yeganə futbolçuyam ki, karyeram boyu heç bir menecerlə əməkdaşlıq etməmişəm. İlk gündən sona qədər agentim olmayıb. Menecer dostlarım var, amma əməkdaşlıq etməmişik. Bir çox futbolçular kimi heç vaxt klubla bazarlıq etməmişəm. Üzbəüz oturub danışmışıq, təklif olunan şərtlərlə razılaşmışam.