Gürcüstan Milli komandasının Avropa çempionatına vəsiqə qazanmasından sonra Azərbaycanda "bizimkilər niyə bacarmır?" sualı yarandı. Əvvəla onu deyim ki, Gürcüstanın Avropa Çempionatına vəsiqə qazanması yox, niyə indi vəsiqə qazanması maraqlıdır. Zamanında əfsanə "Milan"ın əsas heyətində oynayan Kaladze, Avropada bombardir olan Arveladze kimi futbolçularla Gürcüstan böyük turnirlərə vəsiqə qazana bilərdi. Azərbaycanın Gürcüstanla müqayisəsi isə, fikrimcə, futbol biliksizliyindən irəli gəlir. Azərbaycanda futbol 1905, Gürcüstanda isə 1913-Cü ildən olsa da, Azərbaycan futbolu 1992-ci, Gürcüstan futbolu isə 1960-cı illərdə yaranıb. Gürcülər 70 il əvvəl SSRİ içində özlərinin futbol muxtariyyətini yaradanda biz Şevçenko, Markarov, Banişevski, Tuayev, Kramarenko kimi futbolçularla sovet futbolunun tərkib hissəsi idik. Və, "Dinamo Tbilisi" Gürcü futbolunun yetirmələri ilə SSRİ çempionatında və kubokunda çempionluq uğrunda mübarizə aparanda, biz sovet futbolunun tərkib hissəsi kimi 3-cu olmaq üçün, 80 min rubla oyun alırdıq. Gürcüstan futbolunun tərkib hissəsi kimi Kutaisidə, Rustavidə klublar inkişaf edəndə, biz "Dinamo Gəncə"ni dağıdıb oyunçularını "Nefyanik"ə yığırdıq. Digər şəhərlərdə az çox istedadı olan oyunçuları gətirib "Neftyanik"in dublunda məhv edirdik. "Dinamo Tbilisi" Gürcü futbolunun gürcüləriylə avrokubok qazananda, biz xaiş minnətlə SSRİ-nin yüksək liqasında qalırdıq. Onlar məğlubedilməz "Liverpul"u 3-0 udanda, biz Liqada autsayder olub birinci liqaya düşmədiyimizi toy bayram edirdik. Ona görə də SSRİ dağılanda və Azərbaycanda "Azərbaycan futbolu" yaratmaq məcburiyyətində qaldıq. Bəli, məcburiyyətdən yarandı Azərbaycan futbolu. SSRİ dağılandan sonra məcbur olmasaydılar elə SSRİ futbolunun tərkib hissəsi kimi qalardıq. Və, təəssüf ki, Azərbaycan futbolu elə sovetdən qalma düşüncə üzərində quruldu. Təəsüf ki, o düşüncə bu gündə çoxlarının beynində qalıb. Yəni, 1960-cı illər ilə 2024 arasında dəyişən tək illər və ölkədə "Qarabağ" kimi klubun olmasıdır. 1966-da rus, erməni və digərlərindən təşkil edilmiş komanda bürünc medal üçün 80 min rubl ödəyir, digər illərdə isə əsas liqa ilə aşağı liqa arasında gedib gələn autsayder olur. 2024-Cü il, Azərbaycan milli komandasında Azərbaycana heç bir dəxli olmayan Şahruddin, Bədavi, Höcət, Aleksey, Eddi, Ozobiç kimi adlar oynayır və AFFA-nın yığma komandası yenə autsayderdir. Yaxşı, autsayderik, olmaz ki Əliylə Vəliylə autsayder olaq? Yoxsa mütləqdir milli yox, yığma komanda təmsil etsin ölkəni? Olmaz ki, Əli, Vəlidən ibarət milli komanda oynayıb 3-5 ilə nəticə versin? Ölkədə "Qarabağ" klubu kimi bir təcrübə var. Olmaz ki, sovet düşüncəsini atıb qırağa "Qarabağ"ın sistemini öyrənsinlər?