Tarixdə bir Azərbaycan klubunun iştirakıyla keçirilən ən böyük oyun və Azərbaycan futbolunun ən vacib matçı iki gün əvvəl oldu. Bu iki gündə çox şeylərdən yazıldı, danışıldı. "Qarabağ"ı tənqid edəndə oldu, oyunçularda səhv axtaranda, hakimi söyəndə, Avropanı ədalətsiz adlandıranda və.s. Hisslər cuşa gələndə çox şey danışmaq olar və danışılanların böyük əksəriyyəti obyektivlikdən kənardır. 2 gün soyuq başla düşünmək üçün kifayət qədər böyük zamandır. İndi gəlin bir az soyuq başla düşünək.
1. "Qarabağ"a bu oyuna görə sadəcə alqış düşür. Mümkünsüz olan bir işi etdilər və bu etdikləri Azərbaycan futbolu tarixində ən böyük uğurdur. Oyunçular hamısı əla oynadı. Məşqçi işi əla idi. Ölkədəki real vəziyyəti nəzərə alsaq, "Qarabağ"ın bu etdikləri o qədər əla nəticədir ki, əslində heç digər müzakirələrə gərək yoxdur.
2. Elvin Cəfərquliyevin epizodunda Elvinin etdiyi futbol üçün təbii olan bir hadisədir, sarı vərəqə ən ədalətli qərar olardı orda. Amma qırmızı gəldi. Və, ehtimal ki, hakimin o qərarı verməsində kənar təsir də oldu. Burda da, fikrimcə, kimisə günahlandırmaq lazım deyil. Məsələyə bir qədər geniş baxaq.
3. Hər bir futbol turniri, bir biznes layihədir. İstəinlən biznes layihənin qazancı olmalıdır. Eləcə də, UEFA-nın təşkil etdiyi Avroliqa turniri. Gəlin indi bir reallığa baxaq, "Qarabağ" daha çox qazanc gətirər turnir üçün yoxsa "Bayer2? "Bayer" daha çox cəlbedici edər turniri yoxsa "Qarabağ"? Almaniyanın istənilən regional liqasında iştirak edən klubu, bu gün, Azərbaycan tarixinin ən böyük klubu olan "Qarabağ"dan daha xeyirlidir Avroliqa üçün. Almaniyanın 3-cu səviyyəli çempionatında bir oyuna 5-10 bəzən 20 min azarkeş gəlir. "Qarabağ"ın ev oyununa isə 500-800 azarkeş. Hər futbol klubunun oyunu bir məhsuldur. Deməli, "Qarabağ"ın məhsulunun 500-800 maksimum 10 min alıcısı var. İndi təsəvvür edin siz dükan sahibisiniz. Bir məhsuldan ayda 30 faiz qazancla 2000 ədəd satırsınız, digər məhsuldan isə 5 faiz qazancla 3 ədəd. Bu iki məhsuldan birini seçməli olsaydınız hansını seçərdiniz? Əlbəttə birincini. Deməli, "Avropa ədalətsizdir" deməklə heç nə dəyişmir və bu sözü deməklə "Qarabağ"a dəstək olmursunuz. Zəhmət olmasa isti yerinizdən qalxın və çempionat oyunlarında stadiona gedərək "Qarabağ"ı dəstəkləyin. Tək "Qarabağ"ı yox, ölkədə azarkeşi olduğunuz klubları dəstəkləyin. Çempionat oyununda hər həftə Tofiq Bəhramovda 25 000 azarkeş olsa, Leandro Andrade BayArenada rəqibin cərimə meydançasına girəndə özünü itirməzdi.